Demokratiya evi - Kitabxana
 
This Project is Sponsored by Soros Foundation Azerbaijan FAR CENTRE
Siyasi və Iqtisadi Araşdırmalar Mərkəzi
 
Əsas səhifə
kitabxana
azərbaycan
mülki cəmiyyət
siyasi cəmiyyət
mədəniyyət
forum
xaricdə təhsil
font
əlaqə
axtarış

Print Version   Download Zip File

Məryəm Oruclu

Azərbaycanda və Mühacirətdə
Müsavat Partiyasının Fəaliyyəti 
(1911-1992)
 

 

İçindəkilər

- Giriş
1. Müsavatın ölkə daxilində fəaliyyəti (1911-ci ildən 30-cu illərə qədər)
2. Müsavatın mühacirətdə fəaliyyəti
3. Müsavatın Azərbaycanda fəaliyyətinin bərpası
- Nəticə

 


Giriş

Son zamanlar Şərqdə ilk Azərbaycan Demokratik Respublikasının yaranmasında mühüm və həlledici rolu olmuş Müsavatın tarixi diqqət mərkəzindədir. Bu, bir tərəfdən Azərbaycanda milli-demokratik hərəkatın başlanmasından sonra tariximiz haqqında yeni baxışların meydana gəlməsi ilə bağlıdırsa, digər tərəfdən, uzun mübarizə yolu keçmiş Müsavatın müxtəlif dövrlərdə fəaliyyət təcrübəsini öyrənmək zərurəti ilə əlaqədardır.

1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Azərbaycanda müstəqillik və demokratiya ideyalarının əsas daşıyıcısı olan Müsavatın fəaliyyəti və tarixi saxtalaşdırılmış, Sovet hakimiyyətinin ilk günündən bu Partiya "xain, cinayətkar, əks-inqilabi burjua-millətçi Partiyası" elan edilmişdir. Sonralar mövcud tezis sovet tarixçiləri üçün əsas olmuş və Müsavatın Azərbaycanın siyasi həyatında oynadığı rol, onun mühacirətdəki fəaliyyəti təhrif olunmuşdur. Beləliklə, sovet tarixşünaslığında Müsavatın fəaliyyəti uzun müddət birtərəfli şəkildə təhrif edilmiş və əsasən Sovet hökumətinin siyasi maraqlarına uyğun olaraq işıqlandırılmışdır.

1988-ci ildən sonra Müsavatın fəaliyyəti ilə bağlı bir-birindən fərqlənən ayrı-ayrı məqalələr yazılmışdır. Lakin Partiyanın tarixi sistemli olaraq tədqiq edilməmişdir.

 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi və müstəqilliyin dönməzliyinin təmin edilməsi yolunda qarşıya çıxan problemlər 1918-1920-ci illərdə və sonrakı dövrdə Azərbaycanın müstəqilliyinin tərəfdarı və müdafiəçisi olmuş Müsavatın fəaliyyəti haqqında əsl həqiqətləri aşkara çıxarmağı günün vacib məsələsi etdi.

Müsavatın yaranmasını zəruri edən səbəblərin aşkar edilməsi və onun çar hökuməti dövründəki konspirativ fəaliyyət sisteminin öyrənilməsi tarixilik baxımından əhəmiyyətlidir. Eyni zamanda Partiyanın ideya-nəzəri əsaslarının öyrənilməsi, müsavatçılığın islamçı-dini cərəyandan millətçiliyə doğru keçdiyi təkamül prosesinin təhlil edilməsi Azərbaycanda əsrin əvvəllərində siyasi fikrin inkişaf mərhələlərinin tədqiq edilməsi baxımından maraqlıdır.

Azərbaycan Demokratik Respublikası dövründə təşkil olunan hökumət kabinetlərində Azərbaycandakı digər siyasi Partiyalarla müqayisədə Müsavatın üzvləri daha çox nazir postları tutmuşlar. Məhz bu hökumətlərin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar aşkar edilib öyrənilməlidir. Bununla bərabər, həmin dövrdə dövlət idarəçiliyində obyektiv və subyektiv səbəblər üzündən buraxılan səhvlərin də təhlil edilərək öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu, 1918-1920-ci illərdəki problemlərin eyni ilə qaldığı indiki Azərbaycanın dövlət maraqları nöqteyi-nəzərindən çox aktualdır.

1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan parlamentində Müsavat çoxsaylı fraksiya ilə təmsil olunmuşdu. Müsavat fraksiyasının parlamentdə yaradılmış komissiyalarda iştirakı, bütövlükdə Partiyanın ali qanunverici orqandakı fəaliyyət təcrübəsinin öyrənilməsi həm tarixilik, həm də siyasi cəhətdən əhəmiyyətlidir.

1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmini probleminin hansı səviyyədə həll olunması məsələsi müasir dövrdə də Azərbaycan siyasi fikrini narahat edən məsələlərdən biri olaraq qalır. 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsində Rusiyanın hərbi müdaxiləsi əsas götürülməklə bərabər, bu sahədə Azərbaycandakı siyasi Partiyaların üzərinə düşən məsuliyyətin araşdırılması Azərbaycanın müasir durumu ilə əlaqədar olaraq, müstəqilliyin dönməzliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Aprel işğalından sonrakı dövrdə Müsavatın Sovet işğal rejiminə qarşı gizli mübarizə tarixi çox az öyrənilmiş problemlərdən biridir və bu baxımdan çox aktualdır. Eyni zamanda Partiyanın mühacirətdəki fəaliyyət təcrübəsinin tədqiq edilməsi günümüz üçün vacib məsələlərdən biridir.

Post-sovet məkanında cərəyan edən proseslərin, xüsusilə yenidənqurmanın Azərbaycana təsiri və milli-demokratik hərəkatın başlanmasına təkan verən əsas amillərin aşkar edilib tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni tarixi dövrdə uzun müddət Azərbaycanda fəaliyyətinə fasilə verməyə məcbur olmuş Müsavatın ölkədə Bərpasını zəruri edən amillərin müəyyən edilərək tədqiq edilməsi Azərbaycan tarixşünaslığında həllini gözləyən problemlərdən biri olaraq qalır.

Müasir dövrdə Azərbaycanda hüquqi dövlət quruculuğunun həyata keçirilməsinin, müasir demokratik dəyərlərə əsaslanan siyasi sistemin bərqərar olmasının vacibliyi Müsavatın siyasi mübarizə təcrübəsini öyrənməyi zəruri edir. Buna görə də Müsavatın tarixinin tədqiq edilib araşdırılması müasir dövr üçün aktual olaraq qalır. 

Tədqiqat işi 1911-1992-ci illəri əhatə edir. İşin bu dövrü əhatə etməsi Müsavatın tarixini kompleks şəkildə tədqiq etmək zərurətindən irəli gəlir.

1911-ci il Müsavatın yarandığı tarix kimi əlamətdardır. Həmin il "Hümmət" Partiyasından ayrılaraq milli təmələ dayanan bir qrup tərəfindən Müsavatın əsası qoyulmuşdur. Partiya 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə təşkil olunan hökumət kabinetlərində və parlamentdə digər Partiyalara nisbətən daha çox təmsilçiliyə malik olmuşdur. Aprel işğalından sonra Partiya bir müddət ölkə daxilində gizli fəaliyyət göstərmiş, sonra isə mühacirətdə fəaliyyətini davam etdirmişdir.

80-ci illərin axırlarında Azərbaycanda milli-demokratik hərəkat başlayan zaman uzun illər müstəqillik və demokratiya ideyalarının daşıyıcısı olmuş Müsavatın ölkədə Bərpası zərurəti meydana çıxdı. Bu, 1992-ci ilin noyabrında Partiyanın III (Bərpa) qurultayı ilə reallaşdırıldı.Partiyanın bu dövr fəaliyyət təcrübəsinin öyrənilməsi də həm tarixşünaslıq, həm də siyasi baxımdan zəruridir. 

Tədqiq olunan mövzu haqqında bir sıra araşdırmalar aparılmış və Müsavatın fəaliyyətinin ayrı-ayrı istiqamətləri haqqında çoxlu məqalələr və əsərlər yazılmışdır. Sovet tarixşünaslığında Müsavatla bağlı aparılmış araşdırmalar siyasi qüvvələrin məqsəd və maraqlarına xidmət etmiş və mövzu haqqında əsl həqiqətlər təhrif edilmişdir.Eyni zamanda son illərdə tədqiq olunan mövzu ilə bağlı elmi obyektivliyi əks etdirən tədqiqatlar da mövcuddur. 

Problemlə bağlı obyektiv təhlillər ilk növbədə Müsavatın lideri M. Ə. Rəsulzadə tərəfindən aparılmışdır. M.Ə.Rəsulzadənin yazdığı əsər və məqalələr mövzunun tədqiqi üçün qiymətli mənbələrdir.

  M.Ə.Rəsulzadənin "Azərbaycan təşəkkülündə Müsavat" adlı əsərində öyrənilən mövzu ilə əlaqədar zəngin materiallar vardır. Müəllif Rusiyada gedən proseslərin Azərbaycana təsirindən bəhs etmiş, Azərbaycandakı istiqlalçı və ilhaqçı cərəyanları müqayisə edərək, onların baxışlarını xarakterizə etmişdir. Əsərdə müəllif türkçülüklə Azərbaycançılığın bir-birini tamamlayan cərəyanlar olduğunu qeyd etmişdir. Eyni zamanda Azərbaycanın  istiqlaliyyətinin elanında Müsavatın rolu təhlil edilmiş və Partiyanın bundan sonrakı dövr üçün fəaliyyətinin zəruriliyi göstərilmişdir1. 

 Aprel işğalından sonra M.Ə.Rəsulzadənin yazdığı ilk əsər "Əsrimizin Səyavuşu" olmuşdur. Bu əsər Azərbaycan Demokratik Respublikasının süqutundan sonra müəllifin gizləndiyi Lahıc qəsəbəsində yazılmışdır. Simvolik-bədii üslubda yazılmış bu əsərdə Azərbaycan Demokratik Respublikası ilə İran arasındakı əlaqələrin obyektiv təsviri verilmişdir. Müəllif Şimali Azərbaycanın rus işğalının nəticələri ilə əlaqədar yazır: "Rus istilasının xeyri bu oldu ki, Azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı millət olduqlarını hiss etməyə başladılar. Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiri ilə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yol tapır, böyüyür və inkişaf edirdi"2. Əsərin başqa bir hissəsində deyilir: "İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk türk naşiri Azərbaycanlı, məzhəb uzlaşmazlığını (sünni və şiə) ilk olaraq aradan qaldıran yenə Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də Azərbaycanlıdır"3. Əsərdə eyni zamanda 1918-ci ildə Bakının düşmənlərdən təmizlənməsində Türkiyənin yardımı və Aprel işğalı ilə bağlı qiymətli məlumatlar vardır.

Aprel işğalından sonra mühacirət həyatının ilk illərində M. Ə.Rəsulzadənin ilk yazdığı "Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" əsəridir. Əsərdə Azərbaycanda milli şüurun formalaşması prosesi dərin təhlil edilmiş, 1917-ci ildə Bakıda keçirilən Qafqaz müsəlmanları konqresində azad Rusiyanın gələcək idarə forması haqqında Müsavatın mövqeyi açıqlanmışdır. Eyni zamanda müəllif Bakı Sovetinin fəaliyyəti və 1918-ci il Mart hadisələrinin mahiyyətini açaraq "Əmələ və füqarə hakimiyyəti naminə "Müsavat" firqəsi ilə "Milli müsəlman şurasına" elani-hərb edən "Bakı Soveti" erməni alayları ilə biliştirak 10 000-ə qərib müsəlman qətl etdiyini" qeyd edir1. Əsər Bakının azad edilməsində Türkiyənin yardımı, ingilislərin Azərbaycana gəlişi, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı maraqlı faktlarla zəngindir. Eyni zamanda Azərbaycan parlamentinin açılışı və onun tərkibi haqqında, Respublika dövründə təşkil olunan hökumət kabinetlərində Müsavatın həlledici rolu haqqında əsərdə qiymətli məlumatlar vardır. Müəllif göstərir ki, "Üç dəfə təbəddül edən bu kabinələrdə ədəd etibarı ilə müsavatçılar sülüs (üçdə bir - M.O.) təşkil etdikləri halda hökumətlərə Müsavat hökuməti və işlərinə Müsavat tətbiqatı denilmək bir etiyad idi. Milliyyətpərvərlik və Azərbaycan naminə nə yapılıyorsa, onun xaricdəki ismi "Müsavat işi" idi"2. Əsər Türkiyə oxucusu üçün Azərbaycan haqqında geniş məlumat verən zəngin mənbədir. Bunun nəticəsidir ki, yenicə nəşr olunmuş əsər 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən "Kitab bayramı"nda Atatürk mükafatına layiq görülmüşdür.

M.Ə.Rəsulzadənin 1925-ci ildə İstanbulda nəşr edilən "İstiqlal məfkurəsi və gənclik" adlı əsərində tədqiq edilən mövzu ilə bağlı məlumatlar vardır. Müəllif əsərdə istiqlalın elanından əvvəl Qafqazda vəziyyət, Seymdə erməni, gürcü, müsəlman milli şuraları arasındakı ziddiyyətlər və Aprel işğalı ərəfəsində Azərbaycandakı daxili vəziyyət haqqında geniş məlumat verir. Əsərdə "Müsavat firqəsinin müsəlman dünyasını xilas etmək niyyətilə təşəkkülü" qeyd edilir və Azərbaycan istiqlalının elanında Partiyanın rolundan bəhs edilir. Eyni zamanda müəllif ittihadçiların, kommunistlərin, sosialistlərin və iranpərəst qüvvələrin Müsavatın istiqlalçılıq ideyalarına qarşı mübarizəsi haqqında geniş məlumat verir1. 

M.Ə.Rəsulzadənin 1926-cı ildə yazdığı əsər "Rusiyada siyasi vəziyyət" adlanır. Müəllif əsərdə Leninin vəfatından sonra Rusiyada yaranmış vəziyyəti, baş verən ictimai prosesləri şərh edir. Müəllif böyük uzaqgörənliklə "Bolşeviklərin süqutu anında qızıl qapaq altından sıyrılan Ukrayna, Qafqasya və Türküstan kimi məmləkətlərdə zühuru təbii olan hadisənin milli istiqlal hadisəsi olacağına şübhə yoxdur" qənaətinə gəlir2. 

M.Ə.Rəsulzadənin 1928-ci ildə yazdığı əsərində mövzu ilə bağlı müəyyən məqamlara toxunulmuşdur. Onun "Qafqasya türkləri" əsərində Bakının azad edilməsində Osmanlı qoşunlarının rolu və Aprel böhranı haqqında maraqlı məlumatlar vardır. Eyni zamanda müəllif əsərdə Müsavatın xarakteri haqqında, Partiyanın II qurultayında proqrama edilən əlavələr haqqında fikirlərini şərh etmişdir3. 

M.Ə.Rəsulzadənin ömrünün sonlarında yazdığı "Çağdaş Azərbaycan tarixi" əsəri tarixşünaslıq baxımından qiymətli mənbədir. 1950-ci ildə yazdığı bu əsərində müəllif rus ordusuna arxalanan bolşeviklərin Bakını zəbt etməsi və Bakının azad edilməsində türk ordusunun yardımı haqqında məlumat verir. Əsərdə Aprel işğalından əvvəl Azərbaycandakı durum təhlil edilir və işğaldan sonra sovetləşməyə qarşı milli müqavimət hərəkatının analizi verilir. Eyni zamanda əsərdə bolşeviklərin Müsavat Partiyasına qarşı mübarizəsi haqqında maraqlı məqamlara geniş yer verilir. Müəllif yazır: "1932-ci ildə toplanan AKP qurultayının qərarına görə Müsavat ilə sadəcə daxildə deyil, xaricdə də mübarizə aparılmalıdır4. Müəllif əsərdə ruslaşdırma siyasətinin əsas istiqamətləri haqqında və Müsavatın mühacirətdəki fəaliyyəti haqqında geniş məlumat verir.

Müsavatın fəaliyyəti ilə əlaqədar qiymətli mənbə rolunu oynayan əsərlər yazmış Mirzə Bala Məmmədzadə də tədqiq olunan mövzuya geniş şəkildə toxunmuşdur. Müəllif mühacirət həyatının ilk illərində yazdığı "Azərbaycan misaqi-millisi" əsərində Azərbaycanın İstiqlal Bəyannaməsinin elan edilməsində Müsavatın rolu və Aprel işğalı məsələlərini geniş araşdırmışdır. Xüsusilə müəllifin 1938-ci ildə Varşavada çap etdirdiyi "Milli Azərbaycan hərəkatı" adlı əsəri tədqiq olunan mövzu ilə bağlı ən mükəmməl əsərlərdən sayıla bilər. Əsərdə XX əsrin əvvəllərində Azərbaycanda milli, siyasi oyanışın geniş təhlili verilmiş, Müsavatın meydana gəlməsini zəruri edən amillər geniş araşdırılmış, Azərbaycanın İstiqlal Bəyannaməsinin elan edilməsində, dövlət quruculuğunda Partiyanın rolu geniş işıqlandırılmışdır. Müəllif Müsavatın Aprel işğalından sonrakı mübarizə dövrünə geniş yer vermiş, Partiyanın həm daxildə sovet hakimiyyətinə qarşı mübarizəsinə, həm də mühacirətdəki fəaliyyət dövrünə ayrıca fəsillər həsr etmişdir. O cümlədən Aprel işğalı ilə bağlı daxildə cərəyan edən siyasi proseslər təhlil edilmiş və Müsavatın işğalla bağlı mövqeyi açıqlanmışdır5. 

Tədqiq olunan mövzunun ayrı-ayrı məsələləri Hüseyn Baykaranın "Azərbaycan istiqlal mübarizəsi tarixi" əsərində öz əksini tapır. Bu əsər ilk dəfə 1975-ci ildə İstanbulda türk dilində nəşr olunmuşdur. Müəllif əsərdə Azərbaycan xalqının millət kimi formalaşması prosesini, Azərbaycan istiqlalının iqtisadi, mədəni, siyasi köklərini təhlil etmiş, Rusiyada gedən proseslərin Azərbaycana təsirini açıqlamışdır. O cümlədən əsrin əvvəllərində Azərbaycanda müxtəlif ideyalı Partiyaların yaranması prosesi əsərdə öz əksini tapır. Müəllif Müsavatın yaranması və fəaliyyəti haqqında ayrıca və geniş məlumat verir, Partiyanın istiqlalın elanında, dövlət quruculuğunda rolunu qeyd edir. Hüseyn Baykara Aprel işğalı üzərində dayanaraq türkiyəli kommunistlərin və ittihadçıların bu işğalda mənfi rolunu açıqlamışdır. Əsər 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasında gedən prosesləri öyrənmək baxımından qiymətli mənbədir6. 

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Aprel işğalını elmi cəhətdən əsaslandırmaq, "xalq düşməni" elan edilmiş müsavatçıların təbliğatına qarşı sovet təbliğat sistemini formalaşdırmaq və "Müsavat irsi" ilə mübarizə məqsədilə Sovet dövlət orqanlarının direktivi əsasında bir sıra əsərlər yazılmış və 20-ci illərdə nəşr edilmişdir7. Bu əsərlərdə tarixi həqiqətlər birtərəfli şəkildə araşdırılmış və müəlliflər daha çox Sovet hakimiyyətinin siyasi məqsədlərinə xidmət edən ideologiya yaratmaq məqsədi güdmüşlər. Lakin Sovet hakimiyyətinin ideoloji cəhətdən möhkəmlənməsinə xidmət edən bu tarixçilər sonradan repressiyaya məruz qaldılar, onların əsərləri isə qadağan edildi. Çünki Sovet diktaturası gücləndikcə bu müəlliflərin ayrı-ayrı faktları belə oxucuya çatdırmaları onlara bağışlanılmadı. Bunun nəticəsində uzun müddət tədqiq etdiyimiz mövzu yasaq edildi. Yalnız 40-cı illərin sonlarından, xüsusilə Sov. İKP XX qurultayından sonra tədqiq olunan mövzuya qayıtmaq imkanı əldə edildi. Bu dövrdən etibarən Azərbaycan Demokratik Respublikasının tarixini tədqiq edən tarixçilər o dövrdə gedən proseslərin araşdırılması ilə bağlı Müsavatın fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunmuşlar (əlbəttə ki, ideoloji çərçivədən kənara çıxmadan). Lakin bütövlükdə Müsavatın fəaliyyətinə həsr olunmuş əsər yazılmamışdır. Beləliklə, mövzunun ayrı-ayrı tərəflərinə, xüsusilə 1918-1920-ci illərdə Müsavatın fəaliyyətinə toxunan Y.Tokarjevski, İ.Hüseynov, Z.İbrahahov, P.Əzizbəyova, H. Şahgəldiyev, C.Quliyev, Q.Mədətov, M.İskəndərov, Ə.Sumbatzadə, T.Köçərli və başqalarının əsərləri ilə mövzuya dair kommunist baxışlar sistemi formalaşdı8. 

Mövzu haqqında kommunist konsepsiyanı yaradan bu tarixçilərin problemlə bağlı əsas tezisləri aşağıdakılardan ibarətdir:

- Millətçi burjua ziyalılarını təmsil edən Müsavat ideoloji cəhətdən panislamizmə və pantürkizmə əsaslanmışdır;

- İnqilabi böhran şəraitində Müsavat Azərbaycan burjuaziyasının yuxarı təbəqələri ilə sıx əlaqəyə girərək öz tərəfdarlarını rus hökumətini açıq tənqid etməkdən çəkindirmiş, birinci dünya müharibəsi dövründə isə bütün müsəlmanları müharibəni tam qələbəyədək davam etdirmək üçün çarizmə kömək etməyə çağırmışdır;

- Azərbaycan daxilində sinfi sülh, millətçilik təbliğ edən, xalqlar arasında milli ədavət törədən Müsavat Azərbaycan zəhmətkeşlərini inqilabi mübarizədən yayındırmağa çalışmışdır;

- Böyük Oktyabr inqilabına hazırlıq və onun həyata keçirilməsi dövründə, o cümlədən vətəndaş müharibəsi zamanı Müsavat əsas əks-inqilabi qüvvə olmuş və 1918-ci ilin martında Sovet hakimiyyətinə qarşı əks-inqilabi qiyam təşkil etmişdir;

- Müsavatçılar, gürcü menşevikləri və daşnaklar Cənubi Qafqazı fəhlə-kəndli Rusiyasından ayırmaq siyasəti yeritmişlər;

- Türk müdaxiləçilərinin köməyi ilə Azərbaycanda burjua mülkədar quruluşunu Bərpa edən müsavatçılar Bakı Kommunasının həyata keçirdiyi sosialist tədbirlərini ləğv edərək terror rejimi yaratdılar;

- Müsavatçılar Azərbaycanın sərvətlərini qarət edən türklərin, sonra isə ingilis işğalçılarının itaətkar əlaltılarına çevrildilər;

- Azərbaycan zəhmətkeşləri Müsavat hökumətinin nə daxili, nə də xarici siyasətini bəyənməmiş və xan-bəy rejiminə qarşı mübarizə aparmışlar;

- 1918-1920-ci illərdə müsavatçılar Cənubi  Qafqazda xalqlar arasında qanlı toqquşmalar törətmişlər;

- İngilis müdaxiləçiləri Azərbaycanı tərk etdikdən sonra Müsavat hökumətinin vəziyyəti ağırlaşmış və xalqa zidd xan-bəy rejimi 1920-ci ilin aprelində üsyan etmiş xalq tərəfindən devrilmişdir;

- Böyük rus xalqının köməyilə xəyanətkar Müsavat rejimini devirən Azərbaycan zəhmətkeşləri Azərbaycanın müstəqilliyini əldə etmiş oldular;

- Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Müsavat öz fəaliyyətini dayandırmış, onun üzvlərinin əksəriyyəti xarici ölkələrə mühacirət etmişdir. Onlar mühacirətdə də öz antisovet fəaliyyətlərini davam etdirmişlər.

Mövzunun ayrı-ayrı məqamlarına Nəsib Nəsibzadənin məqalələr və sənədlər toplusundan ibarət olan "Azərbaycan Demokratik Respublikası" adlı kitabında toxunulmuşdur. 1990-cı ildə nəşr olunmuş bu kitab Azərbaycanın 1918-1920-ci illərə aid saxtalaşdırılmış tarixinə obyektiv yanaşma baxımından qiymətli mənbədir. Müəllif Sovet tarixşünaslığında təhrif olunmuş faktları obyektiv şəkildə araşdırmış və 1918-1920-ci illərdə Azərbaycanda gedən proseslərin təhlilini vermişdir. Kitabda Bakının azad edilməsində Türkiyənin yardımı, Azərbaycanın İstiqlal Bəyannaməsinin elanı, Aprel işğalı, Azərbaycan parlamentinin açılışı və onun işində digər Partiyalarla bərabər, Müsavatın iştirakı məsələləri geniş şərh olunur. O cümlədən, kitabda Azərbaycan parlamentinin fəaliyyətinə, onun tərkibindəki müxtəlif fraksiyalar? geniş yer verilmişdir9. 

Müəllifin 1996-cı ildə nəşr olunan "Azərbaycanın xarici siyasəti (1918-1920)" adlı digər əsərində Rusiyadakı Fevral inqilabından sonra Azərbaycanda yaranmış siyasi vəziyyət araşdırılmış, Azərbaycanın İstiqlal Bəyannaməsinin elanı, Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirakı, Aprel siyasi böhranını və bolşevik işğalını doğuran səbəblər haqqında geniş məlumat verilmişdir. Eyni zamanda müəllif Azərbaycanın istiqlalının elan edilməsində Müsavatın rolunu, Aprel işğalı ərəfəsində digər Partiyalarla bərabər, Müsavatın da mövqeyini geniş şəkildə araşdıraraq maraqlı faktlar ortaya çıxarmışdır10.

Azərbaycanda 1988-ci ildən sonra tariximizə yeni baxışların meydana çıxması ilə bağlı yazılan əsərlərdən biri də Aydın Balayevin rus dilində yazılmış və 1990-cı ildə nəşr olunan "1917-1920-ci illərdə Azərbaycan milli-demokratik hərəkatı" əsəridir. Müəllif əsərdə Rusiyada Fevral inqilabından sonra Azərbaycan milli hərəkatının əsas istiqamətləri, Azərbaycan Demokratik Respublikasının yaranması, Azərbaycan parlamentinin açılışı və tərkibi, Müsavatın bu dövrdə fəaliyyətinin ayrı-ayrı məqamları haqqında geniş məlumat verir. Əsərdə, o cümlədən Aprel işğalı ilə bağlı obyektiv faktlar öz əksini tapır11. 

Mövzu ilə bağlı bəzi məqamlara Nəsiman Yaqublunun "M. Ə. Rəsulzadə" kitabında toxunulmuşdur. 1991-ci ildə nəşr olunmuş kitabda Müsavatın rəhbəri M. Ə. Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda onun mübarizəsindən geniş bəhs edilir. Kitabda M.Ə.Rəsulzadənin mühacirət fəaliyyətinə geniş yer verilmiş, onun mühacirətdə legionların təşkilindəki rolu haqqında dəyərli məlumatlar qeyd edilmişdir12. Daha sonra N.Yaqublunun yeni kitabı çapdan çıxmışdır. Kitab "Müsavatın tarixi" adlanır. Müəllif əsərdə Müsavatın yaranması, istiqlalın elanında, dövlət quruculuğunda onun rolu haqqında məlumat vermişdir. Eyni zamanda Müsavatın gizli və mühacirət dövründəki fəaliyyətinə toxunulmuş, Partiyanın III (Bərpa) qurultayı geniş şərh edilmişdir13. Müəllif müxtəlif dövrlərdə Müsavatın tarixinin daha çox publisistik araşdırılmasına üstünlük vermişdir.

1 -2 -
All Materials From This Site Can Be Used Only For Educational Purposes.
FAR CENTRE, 2002, Baku, Azerbaijan,
All Rights Reserved

Powered by Sahil IT